"Prokon" şirkətinin törəmə müəssisəsi olan "Prokon Makina, İnşaat, İmalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şti." ("Prokon Türkiye"), Kırıkkale Neft Emalı Zavodunda texniki xidmət, təmir və quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə "Türkiye Petrol Rafinerileri A.Ş." (Tüpraş) şirkəti ilə iki yeni müqavilə imzaladığını məmnuniyyətlə elan edir.
Müqavilə şərtlərinə əsasən, "Prokon Türkiye" fevral ayının əvvəlində başlayan və 2023-cü il mart ayının sonunadək başa çatdırılması planlaşdırılan növbəti planlı dayandırılma dövründə statik avadanlıqların texniki xidmət və təmirini, həmçinin texnoloji sütunun və qazçıxarma borusunun dəyişdirilməsini həyata keçirəcəkdir.
"Nobel Energy" şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli mövzu ilə bağlı bildirib: "Prokon" bundan əvvəl Tüpraşın İzmit Neft Emalı Zavodunda kritik texniki xidmət və təmir işlərini uğurla icra edib. Türkiyənin neft emalı sektorunun nəhəngi olan bu şirkətin digər bir müəssisəsində – Kırıkkale zavodunda da mühüm iş paketlərinin icrasının bizə həvalə olunması "Prokon"un etibarlı tərəfdaş mövqeyini bir daha gücləndirir.
Kırıkkale Neft Emalı Zavodu illik 5,4 milyon ton xam neft emalı gücünə malikdir və Türkiyənin ən böyük avtosistern dolum infrastrukturunu təşkil edir. Regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən bu layihə "Prokon Türkiyə"nin portfelində mühüm nailiyyətdir. Əminəm ki, "Prokon" Tüpraş ilə həm mövcud, həm də gələcək layihələrdə uğurlu tərəfdaşlığını davam etdirəcəkdir."
Redaktorlar üçün qeyd:
2012-ci ildə tam xidmət göstərən tikinti şirkəti kimi təsis edilmiş və "Nobel Energy" qrupunun tərkibinə daxil olan "Prokon" layihələndirmənin adaptasiyasından tutmuş satınalma və tikintiyə qədər infrastruktur, eləcə də sənaye zavod və qurğularının tikintisi üzrə inteqrasiya olunmuş layihələrin idarə edilməsində ixtisaslaşmışdır. "Nobel Energy" enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində 8 ölkədə fəaliyyət göstərən beynəlxalq "NEQSOL Holding" şirkətlər qrupunun tərkib hissəsidir.
"Prokon" haqqında ətraflı məlumat: www.prokon.az
"Tüpraş" xam neft və neft məhsullarının emalı sahəsində ixtisaslaşmış Türkiyə mənşəli şirkətdir. Şirkət İzmir, İzmit, Kırıkkale və Batmanda fəaliyyət göstərən dörd neft emalı zavodunu idarə edir və ildə 33,2 milyon ton xam neft emal edərək müxtəlif növ neft məhsulları istehsal edir.