Ötən həftə “Prokon” şirkəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (HAOR) modernləşdirilməsi layihəsi çərçivəsində beş bölmədən ibarət məşəl qülləsinin hazırlanması və quraşdırılması işlərini uğurla tamamlayıb.
Zavodun təhlükəsizliyinin təmin olunmasında və işçi heyətinin həyatının qorunmasında mühüm rol oynayan bu məşəl qülləsi müəssisənin ən strateji komponentlərindən biridir. Ümumi hündürlüyü 116 metr, çəkisi isə 201 ton təşkil edən ferma konstruksiyasının (dörd şaquli boru xətti və beş konstruksiya bölməsindən ibarət gövdənin) istehsalı başa çatdırıldıqdan sonra HAOR-un ərazisindəki daimi yerində uğurla quraşdırılmışdır.
Qeyd edək ki, məşəl qülləsinin istehsalı zamanı ümumi iş həcmi 1,191 düymə çatmışdır.
“Prokon” HAOR layihəsindəki fəaliyyətinə 2018-ci ilin noyabr ayında “Kinetics Technology” və “Tecnimont” birgə müəssisəsinin subpodratçısı qismində başlayıb. SOCAR, həm yenidən qurulmuş “Azərikimya” istehsalat birliyini xammalla təmin etmək, həm də “Avro-5” standartlarına cavab verən avtomobil yanacaqları istehsal etmək üçün tələb olunan keyfiyyət və kəmiyyət göstəricilərini ödəməklə, zavodun illik xam neft emalı gücünü 7.5 milyon tona çatdırmaq məqsədilə bu modernləşdirmə və yenidənqurma layihəsinə start verib.
“Prokon” şirkətinin müqavilə üzrə iş həcminə əsas texnoloji proses qurğularının, köməkçi sahələrin, ümumzavod təsərrüfatı və sahədən kənar qurğuların tikintisi daxildir. Daha ətraflı məlumatla “Layihələr” bölməsində tanış ola bilərsiniz.